Ötən gün külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, həmin gün saat 23:50-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silahlı olmaları, üzərilərində 2 ədəd kisədə yük olması müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.
Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.