Bakının Nizami rayonunda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqram 110 qram narkotik vasitə olan heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd satışı qadağan edilən psixotrop tərkibli “Preqabalin” həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə əldə edib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.