Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
Bu gün səhər saatlarında Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilən Sabirabad rayonunun Cəngən kənd sakini, 52 yaşlı təvəllüdlü Qubadlı Gülxar Tahir qızının öldürüldüyü məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.
Araşdırmalar zamanı qətli törədən şəxsin Hacıqabul rayon sakini, 32 yaşlı Fərəcov Hikmət Məhəmməd oğlu olduğu müəyyən edilib və o Bakı şəhərində saxlanılıb. Adı çəkilən şəxsin Bakı şəhərində də bir nəfəri bıçaqla ağır yaraladığı bildirilir.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
***
12:33
Hacıqabulda meyiti tapılan qadının kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, araşdırmalarla həmin şəxsin Cəngən kənd sakini, 52 yaşlı Qubadlı Gülxar Tahir qızı olması müəyyən edilib.
***
11:23
Bakı-Qazax magistralında qadın meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində 40-50 yaşlarında hələlik şəxsiyyəti məlum olmayan qadın meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.