Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında Qaraçala kəndi ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, gölə balıq tutmaq üçün gələn 2 nəfəri gözətçi, 25 yaşlı Abdullayev Rəşad Valeh oğlu güllələyib.
Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 25 yaşlı Qarayev Asif Gəray oğlu hadisə yerində ölüb, onun həmkəndlisi 24 yaşlı Aydınov Fərzalı Vidadi oğlu isə güllə yarası alıb.
Sonuncu Salyan rayon xəstəxanasına yerləşdirilib.
Hazırda silahlı insidentin baş verdiyi ərazidə istintaq hərəkətləri davam etdirilir.
***
10:27
İyunun 16-da saat 4 radələrində 24 yaşlı Asif Qarayevin odlu silahla qətlə yetirilən meyiti rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilib.
Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Bu zaman yaxınlıqdan 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.