BaşProkurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb.
Qurumdan Lent.az-a verilən xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.
Xəbər verildiyi kimi, iyunun 16-da saat 4 radələrində 24 yaşlı Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin həmin gölə nəzarət edən 30 yaşlı Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.