Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. İlkin məlumata əsasən, əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əlavə məlumat veriləcək.