Şəkidə karantin qaydalarını pozan çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhərin Bağbanlar küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.
Araşdırmalar zamanı həmin çayxananın Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon şöbəsinin nəzdində fəaliyyət göstərdiyi məlum olub.
Mərkəzin rayon şöbəsinin direktoru polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, qanunauyğun tədbirlər görülüb.
***
Saat: 09:09
Şəki Şəhər Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.