İyunun 15-də Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 5 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa A. Novruzəliyevin üzərinə keçirilən baxış zamanı 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə kolu - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxslər çətənə kollarını özləri becərdiyini bildirib.