3 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri baş tutub.
Bu barədə APA-ya XİN-dən məlumat verilib.
Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.
E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.