Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd İmişli rayonu ərazisindəki daxili su hövzələrində keçirilib.
Lent.az xəbər verir ki, reyd zamanı rayonun Qaragüvəndikli kəndi ərazisində yerləşən sututarlarda qanunla qadağan olunmuş elektrik cərəyanı vasitəsilə balıq ovlayan şəxslər saxlanılıb. Bunu jurnalistlərə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin İmişli rayon sakinləri Xəyyam Məmmədov və Vüsal Hüseynov olduqları müəyyən edilib, onlardan qadağan olunmuş ov alətləri götürülüb. Təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün İmişli rayon Polis şöbəsinə müraciət olunub:
“Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlamağa və qadağan olunmuş vasitələrlə balıq ovundan çəkinməyə, ictimaiyyəti isə bu məsələdə sərt, ciddi mövqe tutmağa çağırırıq. Hesab edirik ki, cəmiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar”.
K.Kərimli ictimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və ETSN-yə məlumat verməyi xahiş edib.