Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla bu gün səhər saat 10 radələrindən başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
Oktyabrın 8-də saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.