AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ
(2001)
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 1990-cı il avqustun 1-də görkəmli dilçi alim, akademik Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və o, komissiyanın sədri təyin edilib. Azərbaycan əlifbası XX əsrdə 4 dəfə dəyişilib. 1940-cı ildən Azərbaycanda kiril qrafikalı əlifba, 1992-ci ildə latın qrafikalı əlifba qəbul olunub, 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb.
AVQUST DÖYÜŞLƏRİ
(2014)
2014-cü ildə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verib. Buna səbəb Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi olub. 3 gün ərzində davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu həlak olub. Bu, 12 may 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində baş vermiş ən irimiqyaslı toqquşmalardan biridir. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı kiçik gizirlər Elçin Əhmədov, Rahil Hüseynov, gizir İsə Almazov, əsgərlər Elnur İbrahimov, Əli Rəhimov, Qaryağdı Əhmədov, Mustafa Coşqunov, Pərvin Əliyev, Səftər Məmmədov, Sənan Quliyev, Anar Qarazadə, Hüseyn Abdulov və Vüqar Poladov şəhid olublar. Göstərdikləri qəhrəmanlıqlara görə adı çəkilən hərbçilər ölümlərindən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif ediliblər.
CƏLİL CAVADOV
(1918-1980)
Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olub. Bakıda Sənaye Texnikumunun kimya fakültəsində, D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda və P.S.Naximov adına Qara Dəniz Ali Hərbi-Dənizçilik Məktəbində təhsil alıb. "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsində çalışıb. SSRİ-nin Dunay Hərbi Donanmasına təyinat alıb, "Jeleznyakov" monitorun döyüş artilleriya hissə komandirinin və 1125 layihəli zirehli kater komandirinin dublyoru kimi xidmət edib. İkinci Dünya müharibəsində böyük şücaət göstərib. Bir çox orden və medallarla təltif edilən Cəlil Cavadov 1980-ci il fevralın 6-da vəfat edib.
HƏSƏN QULİYEV
(1941-2008)
Fəlsəfə elmləri doktoru, professor Həsən Hüseyn oğlu Quliyev 1 avqust 1941-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini İsmayıllı rayonunun İvanovka kənd orta məktəbində tamamlayıb. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində və Moskva Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Ukraynanın Rovno şəhərindəki Su Təsərrüfatı İnstitutunda dosent vəzifələrində çalışıb. Prezident Aparatında analitik xidmətin rəhbəri olub, "Turan" İnformasiya Agentliyinin analitik xidmətinə rəhbərlik edib. Onun 1999-cu ildə nəşr edilən "Qorqud nəslinin arxetipləri" əsərində ilk dəfə olaraq Azərbaycan xalqının mentalitetinin komponentləri tədqiq olunub. Fəlsəfə tarixinə, elm və mədəniyyətin metodologiyasına aid 70-dən, politoloji mövzuda 50-dən çox məqaləsi çapdan çıxıb. Həsən Quliyev 2008-ci il fevralın 24-də dünyasını dəyişib və Bakıda dəfn edilib.
İSAXAN AŞUROV
(1955-2012)
Tanınmış vəkil, sabiq polis zabiti İsaxan Aşurov 1955-ci ilin bu günü Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1977-1981-ci illərdə Qazax, 1981-84-cü illərdə Tovuz Rayon Polis şöbələrində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifələrində çalışıb. 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsi istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay Rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi olub. 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan İsaxan Aşurov 2012-ci il iyunun 22-də ABŞ-da vəfat edib və doğulduğu kənddə dəfn olunub.
AYAZ SALAYEV
(1960)
Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissoru, kinoşünası, ssenaristi Ayaz Ramiz oğlu Salayev 1960-cı il avqustun 1-də Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışıb və paralel olaraq televiziya üçün 200-dən artıq dünya kinosuna həsr olunmuş müəllif verilişləri hazırlayıb. 1986-88-ci illər Moskva Kinematoqrafiya İnstitutunda “Müasir dünya kinosu” fənnindən dərs deyib. 1988-ci ildən Azərbaycan Elmlər Akademiyasında elmi işçi, “Azərkinovideo”da məsləhətçi, 1994-2003-cü illərdə isə Dövlət Film Fondunda bədii rəhbər vəzifələrində çalışıb. 1983-cü ildən Azərbaycan Televiziyasında “Retro” verilişinin müəllifi və aparıcısı olub. Bir çox məşhur filmlərin yaradıcıdır. 1995-ci ildə Azərbaycan kinosunu dünyaya çıxaran və milli kinomuza yeni nəfəs gətirən ilk filmi - “Yarasa” bədii filmini çəkib. Fransada Avropa filmlərinin beynəlxalq festivalında baş mükafata layiq görülən film 25 ölkənin beynəlxalq festivallarında nümayiş olunaraq, mükafatlara layiq görülüb.
ƏLƏSGƏR NOVRUZOV
(1949-1992)
Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Xanlar oğlu Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub. Şuşa Pedaqoji Texnikumunda bədən tərbiyəsi müəllimi ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə öz doğma kəndindəki məktəbdə ixtisası üzrə başlayıb. 1968-70-ci illərdə Ermənistanın Leninakan şəhərində hərbi xidmətdə olub. 1979-cu ildən Xocalıya köçüb və burada müəllim olaraq fəaliyyətini davam etdirib. 1980-ci illərin sonunda könüllü özünümüdafiə dəstəsi düzəldərək, dinc sakinləri erməni vəhşiliklərindən qoruyub. 1990-cı ildən şəhid olana qədər Xocalı rayon Təhsil Şöbəsinin təsərrüfat müdiri işləyib. 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı zamanı xeyli erməni yaraqlısını məhv edib və sona qədər döyüşərək şəhid olub. Doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Ələsgər Novruzova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb.
EHTİRAM ƏLİYEV
(1972)
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrayıl oğlu Əliyev 1972-ci ilin bu günü Ucar rayonunun Qazyan kəndində anadan olub. Bakı Maşınqayırma Texnikumunda və “Təfəkkür” Universitetində təhsil alıb. Naxçıvan MR-də hərbi xidmətdə olub. Sədərəkdə, Batabatda, Ağdam, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. 1996-cı ilin avqust ayında ordudan tərxis olunub. Bakının Sabunçu Rayon Polis İdarəsində və Bakı Beynəlxalq Avtovağzalında işləyib. Hazırda avtovağzalda şöbə rəisi vəzifəsində çalışır. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Ehtiram Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
HƏSƏNAĞA SADIQOV
(1950-2018)
Azərbaycanın əməkdar artisti, musiqiçi Həsənağa Bilal oğlu Sadıqovun anım günüdür. O, 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Salyan şəhər 2 saylı orta məktəbini, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini “Mədəni-maarif işi” ixtisası üzrə bitirib. Görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb, 6-7 yaşlarından atasının və babasının yanında toylara gedib. 1963-cü ildə Bakıda onun ilk kaseti çıxıb, zərb alətlərində bacarıqla ifa etdiyi mahnı və ritmlərlə məşhurlaşıb. ABŞ, Norveç, Vyetnam, Almaniyada və Afrika qitəsinin bir çox ölkələrində konsert proqramı ilə çıxış edib. Onun təşəbbüsü ilə yaradılan “Mahirlər” ailə ansamblı bu gün də fəaliyyət göstərir. Həsənağa Sadıqov 2018-ci ilin avqustunda vəfat edib və Salyan rayonunun Noxudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.