VASİLİ ŞUKŞİN
(1929-1974)
Rus sovet yazıçısı, ssenarist, rejissor və aktyor Vasili Makaroviç Şukşin 1929-cu il iyulun 25-də Altay vilayətində anadan olub. 1960-cı illərin əvvəlində bir-birinin ardınca bədii əsərləri işıq üzü görüb. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" və başqa əsərlərin müəllifidir. Böyük Teatrda "Enerjili adamlar" pyesinin tamaşaya qoyulması ilə teatrla ilk əməkdaşlığı başlayıb. Vasili Şukşin 1974-cü il oktyabrın 2-də Volqoqrad vilayətində vəfat edib və Moskvanın Novodeviçye qəbiristanlığında dəfn olunub.
MƏSTAN GÜNƏR
(1935-2010)
Şair-publisist Məstan Günərin doğum günüdür. Məstan Rəsul oğlu Əliyev 25 iyul 1935-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində doğulub. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Gənclik" nəşriyyatında böyük redaktor, baş redaktor müavini, Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləyib, bir müddət “Azərinform”un müxbiri olub. Bir neçə kitabın müəllifidir. Jurnalistik fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, Azərbaycan Komsomolu Mükafatı və Azərbaycan Dövlət Mükafatı ilə təltif olunub. Məstan Günər 25 sentyabr 2010-cu ildə dünyasını dəyişib.
MƏMMƏD SƏFA
(1960)
Azərbaycanın xalq artisti, aktyor Məmmədsəfa Məmmədəli oğlu Qasımov (Məmməd Səfa) 1960-cı ilin bu günü Şabran şəhərində anadan olub. Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində, 1985-ci ildən isə görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun Tədris Teatrında işləyib. Hazırda Yuğ Teatrının aktyoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professorudur. “Yuxu”, “Aydın”, “Dolu”, “Cavid ömrü”, “Dovşanın ölümü”, “Hökmdarın taleyi” və başqa tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. Məmməd Səfa müxtəlif illərdə Prezident Mükafatına layiq görülüb.
MAİS SALMANOV
(1933-2008)
Azərbaycanın əməkdar artisti, xanəndə, Prezident təqaüdçüsü Mais Qurban oğlu Salmanovun xatirə günüdür. O, 1933-cü il fevralın 12-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Milli opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, Azərbaycan Opera və Balet Teatrının solisti olub. Uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub. Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşı olan Mais Salmanov 25 iyul 2008-ci ildə Bakıda vəfat edib.
VLADİMİR VISOTSKİ
(1938-1980)
Sovet şairi, aktyoru və musiqiçisi Vladimir Semyonoviç Vısotskinin anım günüdür. O, 1938-ci il yanvarın 25-də Moskvada anadan olub. Tikinti-Mühəndisləri İnstitutuna daxil olsa da, oranı tərk edib və Moskva Bədii Akademik Teatrının nəzdindəki məktəb studiyasının aktyorluq şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə A.S.Puşkin adına dram teatrında başlayıb, 1964-cü ildən ömrünün sonuna qədər Moskva Dram və Komediya Teatrında işləyib. "Qalileyin həyatı", "Hamlet", "Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış edib, bir neçə tamaşada mahnıları səslənib. "Döymə" ("Tatuirovka"), "Əsəb" ("Nerv") kitablarının müəllifidir. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış edib. "Görüş yerini dəyişmək olmaz" filmində yaratdığı əməliyyatçı Qleb Jeqlov obrazı ona böyük şöhrət qazandırıb. Vladimir Vısotski 1980-ci ilin iyulunda Moskva şəhərində vəfat edib və Vaqankovo qəbiristanlığında dəfn olunub. Ölümündən sonra "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə 1987-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb.
ELDAR FƏTƏLİYEV
(1991-2015)
Şəhid Eldar Səxavət oğlu Fətəliyev də bu gün xatırlanır. O, 1991-ci ilin yanvar ayında Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Eldar Fətəliyev 2015-ci il iyulun 24-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, iyulun 25-i isə doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.