“Məktəblər açılanda mütəxəssislərin sanitar qaydalarla bağlı tövsiyələri birmənalı şəkildə nəzərə alınacaq”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi təhsil müəssisələrində şagird sıxlığı var: "Təhsil müəssisələrində orta şagird sıxlığı 20 nəfərdir. Amma vəziyyət müxtəlifdir. Elə məktəb var ki, yüksək şagird sıxlığı var, ona görə də həmin məktəblərdə ehtiyac olarsa, xüsusi yanaşma ola bilər".
Nazir dərs açılan zaman şagirdlərin partalarda məsafəli oturması və maskalardan istifadə etməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu həmin dövrdə vəziyyətdən asılıdır: "Bəlkə həmin dövrdə məhdudiyyətə daha geniş formatda ehtiyac olmayacaq. Mütəxəssislərlə müzakirələrə uyğun qərar veriləcək".