"Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur".
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Baş Nefroloqu Fariz Babayev deyib. O bildirib ki, bu say kişilərdə 57 faizdir: "Azərbaycanda da kişilərin ətraf mühitlə, həm işlə, həm fiziki təsirlərə məruz qalması müəyyən xəstəliklərə yoluxma ehtimalını artırır. Ətraf mühitlə çox təmas, soyuq olan yerlərdə çalışmaq da böyrək xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Böyrək çatışmazlığı yalnız böyrək xəstəlikləri nəticəsində yaranmır. Həmçinin şəkərli diabet, hipertoniya xəstəlikləri də böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsanlar daha çox stressə, gərginliyə məruz qaldığı hallarda bu xəstəliyin əmələgəlmə riski də artır".
Baş Nefroloqun sözlərinə görə, hemodializ bir xəstənin ömrünü uzatması üçün yaşam tərzidir: "Yəni insan aparata bağlıdır. Bu, yalnız insanın böyrəyinin deyil, qaraciyəri, beyni, ürəyinin aparatı nə dərəcə qəbul etməsindən asılıdır. Statistikaya görə, hər il belə xəstələrin 17-24 faizi arasında ölüm halları baş verir. Azərbaycanda bu göstərici 18 faizdir".
Həkim vurğulayıb ki, Azərbaycanda dializ mərkəzləri kifayət qədər olduğu, böyük ərazisi olmadığı üçün ölüm halları azdır: "38 rayonda hemodializ mərkəzləri var. Bunlar da 30-50 kilometrlik dairəni əhatə edir deyə insanlar vaxtında həkimə müraciət edə bilirlər. Bununla bağlı da Azərbaycanda ölüm halı azdır".