İyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 35 yaşlı Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.