Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Rövşən Əsədzadə və Kamil Quliyev saxlanılıb. Onların üzərinə baxış zamanı ümumi çəkisi 274 qram narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Rövşən Əsədzadə Abşeron Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olub.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.