Bakıda keçmiş arvadını və daha bir nəfəri öldürməkdə təqsirləndirilən Anar Hacıyev, onun qardaşı Sakit Hacıyevin barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Hər iki şəxs barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay uzadılıb.
Qeyd edək ki, martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.
Bildirilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ilə cinayət işi başlanıb.