Bakı-Qazax magistralında yük maşınları toqquşub, yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul şəhərinin ərazisindən keçən körpünün üstündə baş verib.
Beynəlxalq yükdaşıma həyata keçirən Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı TIR yük avtomobili arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə hər iki yük avtomobili sıradan çıxmaqla yanaşı, yol infrastrukturuna ciddi ziyan dəyib. Qəza baş verən andan magistralın Qazax istiqamətində olan hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.