“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”.
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayətləri var və bu şikayətin səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmazlıqdır. E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir:
“Qaldı ki, vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddialar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq departamentinə müraciət olunub. Tərəfimizdən araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Badamdar qəsəbəsi 77 ünvanında yerləşən “Hollywood Cinema Club”un üzərində binanın sakinləri klubun fəaliyyəti ilə bağlı şikayət ediblər. Onlar obyektdə musiqinin səhər qədər davam etməsindən və ora gələnlərin narahatlıq yaratmasından gileyləniblər.