Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan "Scania" markalı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb.
Nəticədə standart ölçülü plastik yeşiklərin 100 ədədində "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılmış "badımcanların" altında, hər yeşikdə 2 ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.