Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini iyulun 1-də, qalan hissəsini isə iyulıun 23-də nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Bundan əlavə, iyulun 23-də Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıblar.
İyulun 25-də Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.