Qaxda ər-arvad partlayış nəticəsində ölüb.
Lent.az-ın məlumatına görə, hadisə martın 18-də, rayonun Qıpçaq kəndində qeydə alınıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, 64 yaşlı Osmanova Narıngül İslam qızı səhər saat 8 radələrində qaz sobasını yandırmaq istəyərkən partlayış olub və onun bədəninin müxtəlif hissələri yanmağa başlayıb. Bu zaman ona köməyə gələn 83 yaşlı həyat yoldaşı Osmanov Hacı Məhəmməd oğlu da yanıq xəsarətləri alıb və hər iki şəxs rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həmin gün saat 19 radələrində N.Osmanova, martın 24-də isə H.Osmanov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə başlanan cinayət işi, martın 24-də 314.3-cü maddəyə tövsif olunub. Araşdırma davam etdirilir.