Üç fakt üzrə mobil telefon, dərman preparatları və siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alınıb.
Gürcüstandan idarə etdikləri "MAN" və "DAF" markalı yük avtomobilləri ilə gələn Azərbaycan vətəndaşları "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə 1 ədəd " İPhone 11 64 GB", 1 ədəd " İPhone 11 Pro Max 64 GB" və 1 ədəd " Samsung Galaxy Fold 5G 512 GB" markalı mobil telefonlar aşkarlanıb.
Digər bir yoxlama zamanı, Gürcüstandan gələn "Mercedez Benz Actros" markalı yük avtomobilinin salonunda və şitinin arxasında gizlədilən üzərində "Potasyum Klorür Osel % 7,5" yazılan 200 ampul və üzərində "Perlinganit" yazılan 30 ampul dərman preparatları aşkarlanıb.
Türkiyədən gələn "DAF" markalı yük nəqliyyat vasitəsinin salonunda oturacağın altında və şitin arxasında isə gömrük nəzarətindən gizlədilən 2000 ədəd "Marlboro" markalı siqaret tapılıb.