Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 2 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Hakim Manafov və əvvəllər məhkum olunmuşlar Elvin Quliyev, Mahir Abbasov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində sonuncunun idarə etdiyi “Vaz 2106” markalı avtomobildə saxlanılıblar. Keçirilən baxış zamanı həmin avtomobildən 2 kiloqram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin narkotik vasitəni İran vətəndaşı “Əli” adlı şəxsin köməkliyi ilə qaçaqmal yolu ilə ölkə ərazisinə keçirdikləri müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.