3,25 milyard rubl (təxminən 59 milyon 800 min manat) məbləğində rekord rüşvət almaqda ittiham olunan Rusiya Dövlət Dumasının keçmiş deputatı Vadim Belousov beynəlxalq axtarışa verilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 2023-cü il dekabrın 27-də Rusiya Ali Məhkəməsi korrupsiyada təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilən keçmiş deputatın qiyabi hökmünü ləğv edib. İş baxılması üçün Moskva Vilayət Məhkəməsinə göndərilib. İşdə iştirak edən digər şəxs Belousovun qayınanası, Birinci Çörək Zavodu ASC-nin baş mühasibi Marqarita Butakovadır.
Müstəntiqlərin fikrincə, yol tikintisi ilə məşğul olan iki sahibkar - Konstantin Ovçinnikov və Aleksey Başayev 2010-cu ildən 2014-cü ilə kimi deputata və onun himayədarı, o vaxt Çelyabinsk vilayətinin qubernatoru olmuş Mixail Yureviçə ayda 10 milyon rubl (təxminən 184 min manat) ödəyiblər. Bunun üçün iş adamlarına mənfəətin 20 faizi müqabilində “dövlət müqavilələrinin bağlanması üçün ən əlverişli şərait” və “rəqabətdən tam azadlıq” təmin edilib.