Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Abşeron rayon sakini Zeynalabidin Məlikzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, o, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən şəxslərlə satış qiyməti barədə razılığa gəldikdən sonra avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini tədqim edib. Beh aldıqdan sonra Z.Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.
Ümumilikdə 10-dan çox vətəndaşı eyni üsulla aldadaraq zərərçəkənlərin 20000 manata yaxın pulunu ələ keçirən şəxs sonuncu dəfə törətdiyi əmələ görə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı Z.Məlikzadə barəsində Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları onun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.