Əfqanıstanda qəzaya uğrayan təyyarəmizdə həlak olanların cəsədlərinin qalıqları bir neçə nəfərə aiddir
05 sentyabr 2011 13:52 (UTC +04:00)

Əfqanıstanda qəzaya uğrayan təyyarəmizdə həlak olanların cəsədlərinin qalıqları bir neçə nəfərə aiddir

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev məlumat verib. O, qeyd edib ki, artıq DNK analizi sintez olunub və tapılan cəsəd qalıqlarının 4 nəfərə aid olduğu müəyyənləşib: “Hazırda həmin şəxslərin şəxsiyyətinin təyini mərhələsi həyata keçirilir. Yaxın 10 gün ərzində ekspertizanın yekun nəticələri məlum olacaq”.

Qeyd edək ki, hadisə zamanı həlak olan digər 5 nəfər isə itkin düşmüş hesab olunur.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar