Üç nəfərin qətli, alınan “qisas” və yetim qalan 2 körpə - CİNAYƏT İŞİ
11 avqust 2011 18:40 (UTC +04:00)

Üç nəfərin qətli, alınan “qisas” və yetim qalan 2 körpə - CİNAYƏT İŞİ

0
Abşeronda 28 yaşlı məcburi köçkünün törətdiyi ailə qətliamının təfərrüatları

Haqqında danışacağım hadisə 2010-cu ilin iyul ayında Abşeron rayonunda baş verib. Bir ailənin üç üzvünün amansızcasına qətlə yetirilməsi ilə nəticələnən bu olay ilin ən səs-küylü cinayət hadisələrindən hesab olunur. Ailə zəminində baş vermiş münaqişə nəticəsində 28 yaşlı oğlan arvadı, qaynanası və qayınatasını xüsusi amansızlıqla qətlə yetirib.


Lent.az bu amansız qətli törədən Zəngilan rayonundan olan məcburi köçkün Nicat Qələndərovun cinayət işini təqdim edir.


Yeni qurulan ailə, yaranan söz-söhbətlər

Zəngilan rayonundan məcburi köçkün olan Nicat valideynləri və bacı-qardaşı ilə birlikdə Abşeron rayonunda məskunlaşır. O, 24 yaşında elə həmin rayonun Digah qəsəbəsindən olan Şəlalə adlı bir qızla evlənir. Təhsili və savadı olmayan Nicat ustalıq edir, ev təmiri ilə məşğul olurdu. Şəlalə daim kasıbçılıqdan və qaynanası ilə birlikdə yaşamaqdan şikayət edirdi. O, tez-tez anasıgilə gedir, bu barədə onlara da narazılığını bildirirdi. Bundan sonra ailələr arasında mübahisələr yaranır. Ailədə körpənin doğulması mübahisələrin əvvəlkinə nisbətən bir az səngiməsi ilə nəticələnir. Lakin söz-söhbətlər qısa müddət sonra yenidən qızışır. Şəlalənin anası qızının ər evində deyil, öz evində yaşamasını istəyir. Buna görə, qızı ər evindən çıxararaq öz evinə gətirir. Belə get-gəllər bir neçə dəfə təkrarlanır.


Ailədə ikinci körpənin doğulması qohumlar arasında mübahisələrin daha da dərinləşməsinə gətirib çıxarır. İkinci körpəni anasının evində dünyaya gətirən Şəlalə artıq bu evdən heç yerə getməyəcəyini Nicata söyləyir. Nicat bunun mümkün olmadığını, kürəkənin qayınata evində yaşamağının düzgün olmadığını söyləyir. Nicatın valideynləri dəfələrlə qudalarına bu yoldan dönmələrini təklif etsələr də, Şəlalənin valideynləri qızlarını onlara göndərməyəcəyini, Nicat da istədiyi təqdirdə burda yaşaya biləcəyini söyləyir. Nicatın valideynləri bununla razılaşmır. Nicat dəfələrlə Şəlaləni öz evlərinə gətirmək istəsə də, bu alınmır.


Günlərin birində Nicat Şəlalənin ondan boşanmaq istədiyini öyrənir. Bunu ona Şəlalə mübahisə edərkən deyir. Şəlalənin valideynləri də Şəlalənin boşanmasına tərəfdar idilər.
Nicat Şəlalənin ondan boşanmaq istəməsinə inanmır, onu valideynlərinin doldurduğunu fikirləşir. Ona görə də, yenə Şəlaləgilə gedərək ona evə geri gətirmək qərarına gəlir.


Axşam işini qurtardıqdan sonra Nicat Şəlalənin atasıgilə yollanır. Qapıdan içəri girəndə onu həyətdə qaynanası qarşılayır. Qaynana Nicatı ağır söyüşlərlə təhqir etməyə başlayır. Onun kişi olmadığını və qızının tez bir zamanda ondan ayrılacağını söyləyir. Qaynananın səs-küyünə qayınata və qaynı həyətə çıxır. Onlar da Nicatı təhqir etməyə başlayırlar. Bundan əsəbiləşən Nicat evin həyət tərəfdən pəncərə kənarında olan bıçağı əlinə götürərək qayınatasına bir neçə zərbə vurur. Özünü itirən Nicat dayanmadan qayınatasının bədəninin müxtəlif hissələrinə 12 bıçaq zərbəsi endirir. Bir bıçaq zərbəsi də qaynına vurur.


Daha sonra qayınanasının üstünə hücum çəkərək ona da dayanmadan 21 bıçaq zərbəsi endirir. Anasının yerdə inildədiyini görən Şəlalə darvazadan bayıra çıxaraq qışqıra-qışqıra qaçmağa başlayır. Bunu görən Nicat onun dalınca düşür.


Evlərindən bir az kənarda yerləşən kanalın kənarında Şəlaləni tutaraq kanala yıxır. Əlində olan bıçaqla Şəlalənin döş nahiyəsindən 17 bıçaq zərbəsi vuraraq qətlə yetirir.
Daha sonra əlində olan qanlı bıçaqla rayon mərkəzi tərəfə qaçır. Yolda qanlı bıçağı tullayandan sonra Nicat evlərinə gedir.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları həyətdə 50 yaşlı Teyyub Dadaşovun və 48 yaşlı Zemfira Dadaşovanın cəsədlərini, 20 yaşlı Hüseyn Dadaşovu yaralı vəziyyətdə aşkar edirlər. Bir az aralıda isə 21 yaşlı Şəlalənin qanlar içində olan cəsədi aşkarlanır.


Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nicat evində yaxalanaraq həbs edilir.


Məhkəməyə və istintaqa ifadəsində Nicat qayınatası və qayınanasını onun ailə işlərinə qarışdıqları üçün, arvadı Şəlaləni isə o tutulandan sonra başsız qalmasın deyə öldürdüyünü söyləyir: “Arvadımı öldürdüyümə görə peşmanam, o birilərini öldürdüyümə görə isə əksinə.... Qaynanam və qayınatam ailəmi dağıtdı. Mən də onlardan belə qisas aldım”.


Məhkəmənin hökmü ilə Nicat Qələndərov üç nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə, bir nəfəri isə öldürməyə cəhddə təqsirləndirilərək ömürlük müddətə azadlıqdan məhrum edilir.


P.S. Nicatın törətdiyi qətliam nəticəsində iki körpə (3 yaşlı və 4 aylıq) oğlan uşaqları yetim qalıb.




Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 649

Oxşar yazılar