“2 aprel aksiyasının təşkilatçıları müəyyənləşdirilir”
24 may 2011 10:40 (UTC +04:00)

“2 aprel aksiyasının təşkilatçıları müəyyənləşdirilir”

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiyanı birbaşa təşkil edən və həmin aksiyalara rəhbərlik edən şəxslərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.


O, qeyd edib ki, İctimai Palatanın aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etməkdədir: “İstintaqın tam və obyektivliyini təmin etmək məqsədilə çoxsaylı şahidlər dindirilib, üzləşdirmələr aparılıb, müxtəlif xarakterli ekspertizalar keçirilib, zərər çəkmiş şəxslərin dairəsi, hüquqi və fiziki şəxslərə vurulmuş ziyanın həcmi müəyyənləşdirilib, toplanmış sübutlar əsasında icazəsiz aksiyanın keçirilməsini təşkil və rəhbərlik etmiş şəxslər də daxil olmaqla cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb ediliblər. Həmin şəxslərin bir qrupu barəsində istintaq yekunlaşmaq üzrədir. Onların barəsində yaxın vaxtlarda istintaqın tamamlanması və Cinayət Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq baxılması üçün məhkəməyə göndərilməsi nəzərdə tutulur”.


F. Həsənəliyev 2 aprel aksiyası ilə bağlı təşkilatçıların müəyyənləşdirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib: “Cinayət məsuliyyətinə cəlb edilən, icazəsiz aksiyaya birbaşa təşkil və rəhbərlik edən şəxslər, o cümlədən digər iştirakçılar haqqında istintaq hərəkətləri davam etdirilir. Aksiyanın keçirilməsinin təşkilində iştirak edən və cinayətdə fəallığı ilə seçilən digər şəxslərin də müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar