Bakıda 4 ayda 122 cinayətkar qrup məsuliyyətə cəlb edilib
20 may 2011 11:09 (UTC +04:00)

Bakıda 4 ayda 122 cinayətkar qrup məsuliyyətə cəlb edilib

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) əməliyyat müşavirəsi keçirilib. APA-nın məlumatına görə, müşavirə 2011-ci ilin 4 ayı ərzində Bakı şəhər polis orqanlarında mülkiyyət əleyhinə cinayətlərlə mübarizə sahəsində görülmüş işlərin vəziyyətinə həsr olunub. Müşavirədə çıxış edən BŞBPİ rəisi, polis general-mayoru Rafiq Abbasov ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və qanunçuluğun qorunması istiqamətində Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsində Bakının polis orqanlarının fəal iştirak etdiyini qeyd edib.



Daha sonra müşavirədə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayev məruzə ilə çıxış edib. Qeyd edib ki, 2009-cu illə müqayisədə 2010-cu il ərzində qeydə alınmış mülkiyyət əleyhinə cinayətlərin sayında azalma müşahidə olunub. Keçirilmiş tədbirlər nəticəsində il ərzində dövlət və bələdiyyə əmlakı oğurluğunun açılması 13,6%, avtonəqliyyat oğurluğu 1,4%, avtonəqliyyatın qaçırılması 8,2%, mal-qara oğurluğunun açılması isə 16,4% yaxşılaşıb. Müvafiq dövrlə müqayisədə qeydə alınmış şəxsi əmlak oğurluqlarının sayının 32, soyğunçuluq 54, quldurluq cinayətləri isə 10 fakt azalıb. Hesabat dövrü ərzində 13 quldurluq cinayəti törətmiş 8 qrup, 20 soyğunçuluq cinayəti törətmiş 18 qrup, 12 mənzil oğurluğu törətmiş 9 qrup, 79 şəxsi əmlak oğurluğu törətmiş 53 qrup, 55 avtomaşından oğurluq cinayəti törətmiş 12 qrup, 9 cibgirlik cinayəti törətmiş 5 qrup, 33 dələduzluq cinayəti törətmiş 6 qrup, 18 dövlət əmlakı oğurluğu cinayəti törətmiş 11 qrup müəyyən olunaraq, cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.


Müşavirədə, həmçinin bildirilib ki, əldə olunan uğurlarla bərabər, Bakı şəhər polis orqanlarında mülkiyyət əleyhinə cinayətlərlə mübarizə sahəsində müəyyən qüsur və nöqsanlar da olub. Bu nöqsanların aradan qaldırılması, mülkiyyət əleyhinə cinayətlərin açılması istiqamətində həyata keçirilən əməliyyat axtarış tədbirlərinin səmərəliliyinin artırılması, bu növ cinayətlərə qarşı mübarizənin keyfiyyətinin artırılmasının təmin və təşkil edilməsi istiqamətində Cinayət Axtarış İdarəsində konkret tədbirlər həyata keçirilir. Məruzə ətrafında çıxış edən Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışaraq mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.


BŞBPİ-nin rəisi Rafiq Abbasov əməliyyat müşavirəsinə yekun vuraraq, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar