Hakimin həyat yoldaşını öldürən qadının cinayət işi məhkəmədə
18 may 2011 14:43 (UTC +04:00)

Hakimin həyat yoldaşını öldürən qadının cinayət işi məhkəmədə

Azərbaycan Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun həyat yoldaşının qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə APA-ya Bakı Şəhər Prokurorluğundan bildirilib. Məlumata görə, cinayət işinin istintaqı 7 ay davam edib. İş üzrə Xalidə Balabəy qızı Əhmədovaya qarşı ittiham elan olunub və o, günahını etiraf edib. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bakı Ağır Cinayətlər Məhkəməsindən APA-ya bildirilib ki, məlum cinayət işinin məhkəmə istintaqını araşdırmaq hakim Əfqan Hacıyevə həvalə olunub.

Qeyd edək ki, məlum hadisə 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində baş verib. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib.


Hadisədən dərhal sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.


Xatırladaq ki, mərhum Natəvan Mahmudova Azərbaycan Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar