Şamaxıda 1000-dən artıq evin dam örtüyü dağılıb, 100-dək avtomobilə ziyan dəyib
Şamaxı rayonuna yağan güclü dolu fərdi evlərin, ictimai binaların, sosial obyektlərin dam örtüyünə, avtomobillərə, əkin sahələrinə və meyvə bağlarına çox ciddi ziyan vurub. Rayon icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov APA-nın Şirvan bürosuna bildirib ki, mayın 14-də gecə saat 00:45 radələrində Şamaxı şəhərinə və 14 kəndə diametri 6-7 santimetr olan dolu düşüb. On dəqiqə ərzində dolu rayonun təsərrüfatına küllü miqdarda ziyan vurub. İlkin məlumata görə 1000-dən artıq vətəndaşın fərdi yaşayış evininin, 110-a yaxın ictimai binanın, 12 sosial obyektin dam örtüyü tamamilə sıradan çıxıb. Əkin sahələri və üzüm bağları məhv olub, digər meyvə bağları yararsız hala düşüb. Bundan əlavə dolu dənələri 100-dən çox minik avtomobilini əzib, şüşələrini sındırıb. Ziyan çəkmiş vətəndaşların müraciətinin qəbulu hələ də davam edir. Hadisə gecə baş verdiyi üçün ölən və xəsarət alan barədə hələlik məlumat yoxdur. Faktla bağlı rayon fövqəladə hallar komissiyası araşdırma aparır, vətəndaşların müraciətlərini qəbul edir. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi məlumat verilib.
794