Dindarların aksiyası ilə bağlı cinayət işi başlanıb
06 may 2011 19:55 (UTC +04:00)

Dindarların aksiyası ilə bağlı cinayət işi başlanıb

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilmiş aksiya ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb. Lent.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, saat 11 radələrində 150-dək radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bəyanatda deyilir: “İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədiblər. Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub. Vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib. Onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb”.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Birgə məlumatda bildirilir ki, qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar