Azərbaycanlı həmyerlisini İranda girov qoyaraq heroin alıb
04 may 2011 17:49 (UTC +04:00)

Azərbaycanlı həmyerlisini İranda girov qoyaraq heroin alıb

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik gətirən dəstənin izinə düşüb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dəstənin başçısı, Cəlilabad rayon Eçara kənd sakini, Anar Əliyev şərti alıcıya narkotik vasitə olan heroini satarkən tutulub. Ondan ümumi miqdarı 3 kiloqram 382 qram olam heroin götürülüb.


Araşdırmalar zamanı müəyyən edilib ki, A. Əliyev dəfələrlə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik gətirib. Sonuncu dəfə o, bu il aprelin 11-də narkotik vasitə gətirmək üçün yaxın qohumu Şəmsi Məcidovla birgə İran İslam Respublikasına gedib. İranda “Rza” adlı şəxslə görüşən A. Əliyev qohumu Ş. Məcidovu həmin şəxsin yanında girov qoyaraq, qarşılığında ondan narkotik alıb.


Əldə olunmuş razılığa əsasən, “Rza” adlı şəxs narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycanın Cəlilabad rayonuna gətirərək A. Əliyevə təhvil verib. A. Əliyev narkotik vasitəni satdıqdan sonra “Rza”ya 15 min ABŞ dolları məbləğində pul yollamalı və qohumu Ş. Məcidovu girovluqdan azad etməli imiş.

Lakin BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat A. Əliyevin planını yarımçıq qoyub. İrandan gətirdiyi narkotik vasitəni satarkən tutulan A. Əliyev qohumu Ş. Məcidovu girovluqdan azad edə bilməyib.

Hazırda Ş. Məcidov İran İslam Respublikasının Germi rayonu, Təpəbaş kəndində, “Rza” adlı şəxsin evində girov saxlanılır. Azərbaycan hüquq-mühafizə orqanları Ş. Məcidovun girovluqdan azad edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar