Keçmiş namizəd barəsində həbs-qətimkan tədbiri seçilib
02 may 2011 23:39 (UTC +04:00)

Keçmiş namizəd barəsində həbs-qətimkan tədbiri seçilib

Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, ötən il noyabrın 7-də Milli Məclisinə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ibtidai istintaqla törətdiyi cinayət əməlləri sübuta yetirildiyindən bu gün Vidadi İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, keçmiş deputatlığa namizəd V. İsgəndərov aprelin 17-də İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılaraq 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bu gün V. İsgəndərovun həbs müddəti başa çatıb. Lakin o, ötən il noyabrın 7-də parlament seçkilərində namizəd olduğu 89 saylı Ağdaş-Göyçay seçki dairəsində baş vermiş qayda pozuntuları ilə əlaqədar məsuliyyətə cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar