Dünyanın sabiq sakini... - REPORTAJ
23 aprel 2011 20:31 (UTC +04:00)

Dünyanın sabiq sakini... - REPORTAJ

Artıq Anar Məmmədxanov haqqında danışarkən bu sözlər deyiləcək. Onun ruhən köçməsi xəbərini aldıqdan sonra Lent.az-ın əməkdaşı reportaj hazırlamaq üçün yaşadığı ünvana yollanıb.

Biz olay yerinə çatarkən saat 18:00 radələri idi. Həmin vaxt hələ mənzilindən yuyulmağa da aparılmamışdı. Şəhərin mərkəzində yaşadığı bina qarşısına yüzdən çox insan toplaşmışdı. Onların arasında Anar Məmmədxanovun keçmiş “KVN”çi dostları, ziyalılar, millət vəkili Asim Mollazadə və bir qrup yeniyetmə də var idi. Azərbaycan prezidentinin köməkçisi Əli Əsədov şoumen Murad Dadaşov, tanınmış teleaparıcı Rafiq Hüseynov və digərləri ilə söhbət edirdi. Cabir və Tahir İmanov qardaşları, Bəhram Bağırzadə, bəstəkar Vaqif Gərayzadə, bir neçə müğənni və digər sənətçilər isə sükuta qərq olmuşdular. Onların heç biri qəfil ölümün nədən baş verdiyini izah edə, məyusluqlarını gizlədə bilmirdilər. Hamı ölümün infarktdan baş verdiyini desə də, heç kim hadisənin hansı şəraitdə baş verdiyini demirdi. Kimi bir neçə gün, kimi dünən, kimi isə bu gün Anar Məmmədxanovla danışdığını deyirdi. Onlardan biri isə Vaqif Gərayzadə ilə söhbətində “Ölümündən bir saat əvvəl danışmışdım” deyə təəssüflənirdi.

Telekanalların da çəkiliş aparmağa gəlmişdilər. Lakin mərhumun yaxınları onlarla söhbət halında deyildilər. Murad Dadaşov ətrafındakılara telekanal əməkdaşlarının uzaqlaşdırılmasını tapşırırdı. Onları başa düşmək də olardı...

Bir azdan mərhumun nəşi yuyulmaq üçün “Təzə Pir” məscidinə aparıldı. Əli Əsədov və ətrafındakı şəxslər isə sabah olacaq dəfnin təşkili məsələlərini müzakirə etməyə başladılar. Əsədov binanın nəqliyyatın gediş-gəlişinin gur olduğu məkanda yerləşdiyini bildirərək, dəfn mərasiminin başqa yerdə təşkilini təklif etdi. Mərhumun yaxınları isə sabah bazar günü olduğundan, nəqliyyatın hərəkətində sıxlığın yaranacağına inanmadıqlarını bildirdilər. Müşahidələrimiz zamanı bu məsələyə dair yekun qərar verilməsə də, dəfnin II Fəxri Xiyabanda təşkilinə dair demək olar ki, razılıq əldə olundu. Sonradan məlumat əldə etdik ki, Anar Məmmədxanov aprelin 24-də saat 15:00-da dəfn ediləcək.

Bir qədər sakitlik yaranandan sonra Asim Mollazadəyə yaxınlaşıb hadisə barədə nə isə öyrənməyə çalışdım. Danışmaq istəməyən Mollazadədən yalnız Anar Məmmədxanovun saat 16:00 radələrində keçindiyini öyrənə bildim. Əslində belə bir ab-havada bundan artığını öyrənmək də çətin idi.

Bina önünə toplaşanların sayı isə get-gedə çoxalırdı... Hamı özünü Anar Məmmədxanovun yaxını sayırdı. Amma heç kim danışmaq istəmirdi...

Çünki bu şok idi, yaxınları da, Anar Məmmədxanovun pərəstişkarları da hələ aldıqları xəbərin doğruluğuna inana bimirdilər...

Allah rəhmət eləsin...

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar