Bakı şəhər prokurorluğu yataqxanada baş vermiş partlayışın səbəblərini açıqladı
05 fevral 2011 17:57 (UTC +04:00)

Bakı şəhər prokurorluğu yataqxanada baş vermiş partlayışın səbəblərini açıqladı

Məlumatda deyilir ki, 4 fevral 2011-ci il tarixdə saat 19.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1 saylı ünvanda yerləşən Azərbaycan Texniki Universitetinə məxsus yataqxananın 2-ci mərtəbəsində məskunlaşmış Zəngilan rayon sakini Cəfərov Rəhman Qulam oğlu texniki işlərin görülməsi üçün yaşadığı otaqda saxladığı təbii qaz balonunun partlaması nəticəsində aldığı xəsarətdən ölüb.

Yasamal rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi aparılıb, ölümün səbəblərini müəyyən etmək məqsədilə meyit daxili müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

İlkin araşdırmalarla müəyyən edilib ki, Rəhman Cəfərovun usta kimi texniki işlərin görülməsi üçün istifadə etdiyi və yaşadığı otağın mətbəxində saxladığı təbii qaz balonunun sızması nəticəsində otaqda qaz yığıntısı yaranıb, həmin günü o, saat 19.00 radələrində otaqda elektrik lampasını yandırdıqda partlayış baş verib və nəticədə aldığı xəsarətdən oradaca ölüb.

Hadisə nəticəsində yanıq xəsarəti almış Bağırova Safurə Muxtar qızı xəstəxanaya yerləşdirilib, digər sakinlər Bağırov Vaqif Rafiq oğlu, Məmmədov Anar Arzu oğlu və Hüseynova Səltənət Fərhad qızı isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıblar.

Hazırda Yasamal rayon prokurorluğunda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar