Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb
04 fevral 2011 11:36 (UTC +04:00)

Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, qəzadan dərhal sonra əraziyə cəlb olunmuş hərbçilərin iştirakı ilə gecə saatlarında “qara qutu” tapılaraq, aidiyyatı üzrə təhvil verilib.

Qəzanın hansı səbəbdən baş verməsi “qara qutu”dakı informasiyaların analizindən sonra məlum olacaq.

Qəza fevralın 3-də saat 17 radələrində baş verib. Kürdəmir rayon Polis Şöbəsinin hadisə yerində olan əməkdaşlarının Lent.az-a verdiyi məlumata görə, təyyarədən katapult edən ekipaj üzvləri ilkin ifadələrində bildiriblər ki, təyyarə Sor-Sor kəndi yaxınlığında enmə zolağına yaxınlaşarkən təkərlər açılmayıb. Ekipaj üzvləri bu barədə idarəetmə məntəqəsinə məlumat veriblər. Sonradan bir neçə dəfə enməyə cəhd olunsa da, yenə təkərlər açılmayıb. Ekipaj üzvləri bu cəhdləri təyyarənin yanacağı tam bitənədək davam etdiriblər. Lakin nəticənin olmadığını gördükdən sonra katapult etməyə məcbur olublar.

Təyyarə yerə çırpılıb və gövdəsi torpağa girib.

Təyyarənin pilotlarının adları da məlumdur. Bunlar Hərbi Hava Qüvvələrinin zabitləri - polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürovdur.

Qeyd edək ki, polkovnik-leytenant Zaur Yusifli həm də Kürdəmirdəki N saylı hərbi hissənin qərargah rəisi və hərbi hissə komandirinin müavinidir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar