Ötən il qeydə alınan hərbi cinayətlərin 99,1 faizi açılıb
27 yanvar 2011 18:49 (UTC +04:00)

Ötən il qeydə alınan hərbi cinayətlərin 99,1 faizi açılıb

Respublika Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclası 2010-cu ildə hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunub.

İclasda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılıb, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlər açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açıldığını qeyd edən X. Vəliyev 2009-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 3,8 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 12,7 faiz, hərbi xidmətdən yayınma cinayətləri 9,5 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 13,7 faiz, qəsdən adam öldürmə cinayətləri 46,2 faiz, özünü öldürmə həddinə çatdırma cinayətləri 23,5 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 8,2 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 24 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 6,8 faiz azaldığını bildirib. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib.

Qeyd olunub ki, hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusi ilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar