DİN iki mütəşəkkil dəstəni zərərsizləşdirib
21 may 2009 11:20 (UTC +04:00)

DİN iki mütəşəkkil dəstəni zərərsizləşdirib

Son günlər Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.


Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Dəstə üzvlərindən ümumilikdə 121 kiloqramdan çox müxtəlif tərkibli narkotik vasitə götürülüb.

Cinayətkar dəstələrdən birinin üzvü olan İran vətəndaşları – 31 yaşlı Behzad Əmiri və 28 yaşlı Rəhman Zəmani saxlanılıblar. Onların üstündən və kirayədə yaşadıqları mənzildən üst-üstə 13 bağlamada 26 kiloqram 147 qram heroin, 70 bağlamada 13 kiloqram 935 qram həşiş, 9 bükümdə 5 qram kokain və 1,2 qram tiryək tapılıb. Dəstə üzvləri istintaqa ifadələrində narkotik vasitənin Abuzər adlı həmyerlilərinə məxsus olduğunu bildiriblər. Şəxsiyyəti istintaq tərəfindən araşdırılan həmin İran vətəndaşı narkotiki 26 ədəd ütüləmə lövhəsində gizlədərək qaçaqmalçılıq yolu ilə ölkəmizə göndərib.

Behzad Əmiri və Rəhman Zəmani ütüləmə lövhələrini qəbul etdikdən sonra Nərimanov rayonundakı Xan Şuşinski küçəsində kirayədə yaşadıqları mənzildə gizlədiblər.

İstintaqla o da müəyyənləşdirilib ki, Abuzər, Behzad Əmiriyə zəng vuraraq 4 bağlamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfərə verməyi tapşırıb. Sonuncu isə narkotiki görüş yerinə gətirməyi Rəhman Zəmaniyə həvalə edib.

Bu zaman həm Behzad Əmiri, həm də Rəhman Zəmani polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Narkotik vasitələrin əsas hissəsi isə onların kirayədə yaşadıqları mənzildən götürülüb.

İdarə əməkdaşlarının davam etdirdikləri əməliyyat tədbiri ilə analoji cinayətlər törədən daha bir transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilərək onun 4 üzvü tutulub. Saxlanılan şəxslər Astara rayon sakini, 36 yaşlı İsrafil Muqdilov, Bakı şəhər sakinləri, 34 yaşlı Elçin Məmmədov, 54 yaşlı Rəşad Rzayev və İran İslam Respublikasının vətəndaşı 30 yaşlı Behruz Rəvan Buddur. Onlardan 81 kiloqram 236 qram tiryək götürülüb.

İstintaq araşdırmaları ilə narkotik vasitənin Azərbaycana qaçaqmalçılıq yolu ilə İsrafil Muqdiliovun tanışı, qonşu ölkənin şəxsiyyəti hələlik istintaqa bəlli olmayan Səid adlı vətəndaşı tərəfindən Xəzər dənizi vasitəsilə motorlu qayıqla 2 silahlı şəxsin müşayiəti ilə göndərildiyi məlum olub. Cinayətkarlar bir-birilərinin yerini müəyyənləşdirmək üçün əvvəlcədən İsrafil Muqdilova CPS tipli naviqasiya aparatı göndəriblər. Sonuncu həmin qurğu vasitəsi ilə silahlı qaçaqmalçılarla əlaqə yaradaraq narkotik vasitəni qəbul edib və dənizin kənarında əvvəlcədən qazıb hazırladığı yerdə gizlədib.

Mayın 19-da Behruz Rəvan Bud ona zəng edərək narkotik vasitələr üçün Bakıdan 2 nəfərin göndərildiyini bildirib.

Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri Elçin Məmmədov, Rəşad Rzayev, Behruz Rəvan Bud və İsrafil Muqdilov həbs ediliblər.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar