Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Avropa Komissiyasını sədri Joze Manuel Brozzonun Bakıda səfərdə olması ilə bağlı paytaxtın bir sıra küçə və meydanlarında hərəkət məhdudlaşdırılacaq.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, adları aşağıda sadalanan küçələrdə yanvarın 13-də saat 17:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq. Bu səbəbdən də idarə sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi, ictimai nəqliyyat vasitələrinin xidmətindən yararlanmağı, adları göstərilən küçələr istiqamətində deyil, alternativ yollardan istifadə etməyi xahiş edir.
Hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlər aşağıdakılardır:
Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Zərifə Əliyeva küçəsi, Rəşid Behbudov küçəsi, Bakıxanov küçəsi, İnşaatçılar prospekti, Hüseyn Cavid küçəsi, İstiqlaliyyət küçəsi, Parlament prospekti, Azərbaycan küçəsi, Füzuli dairəsi, Əziz Əliyev küçəsi, Neftçilər prospekti, Azadlıq meydanı, Puşkin küçəsi.
BDYPİ, həmçinin sürücülərdən göstərilən küçələrdə hərəkət edən zaman dayanmamalarını, yol polisinin və müfəttişlərin müvafiq göstərişlərinə düzgün əməl etmələrini də xahiş edir.
Nizam Rza
550