Qəbələ RLS-də öldürülən rus zabitin cəsədi vətəninə göndərilib
12 yanvar 2011 14:47 (UTC +04:00)

Qəbələ RLS-də öldürülən rus zabitin cəsədi vətəninə göndərilib

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) qətlə yetirilən rusiyalı zabitin meyiti Rusiyaya göndərilib. Bu barədə APA-ya eksklüziv açıqlamasında Qəbələ rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin baş həkimi Aydın Xasməmmədov məlumat verib.

Onun sözlərinə görə, məlum hadisədən dərhal sonra rusiyalı zabitin meyiti müayinə üçün rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə gətirilib. Müayinə zamanı mərhumun boğaz nahiyəsində kəsilmiş-deşilmiş yaralar və başının təpə nahiyəsində küt alətin təsirindən törədilmiş xəsarətlər aşkar edilib. Meyit müayinə edildikdən sonra Qəbələ RLS-in rəhbərliyinə təhvil verilib. Bir neçə gün əvvəl isə Qəbələ RLS-də mayor Sergey Mixayloviç Qraçovla vida mərasimi keçirilib və meyit Moskvaya yola salınıb.

Qeyd edək ki, məlum qətl hadisəsi 2010-cu il dekabrın 31-də - Yeni il gecəsi törədilib. Qəbələ RLS-də xidmət edən bir qrup zabit Yeni ili qeyd etmək üçün mayor Sergey Mixayloviç Qraçovun hərbi şəhərcikdəki evinə toplaşıb. Qonaqlar yeyib-içdikdən sonra hələlik istintaqa məlum olmayan səbəbdən ev sahibi ilə aralarında dava düşüb. Nəticədə zabitlər S. Qraçovu öldürərək evdə olan pul və qızıl-zinət əşyaları götürüb hadisə yerini tərk ediblər. Hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat isə yanvarın 2-də daxil olub. S. Qraçovun yaşadığı mənzilə gələn əməliyyatçılar onun meyitini başı kəsilmiş vəziyyətdə aşkarlayıblar.

Araşdırmalar zamanı o da məlum olub ki, S. Qraçov bir neçə ilə əvvəl ailəsindən ayrılıb. İki uşaq atası olan zabit bir ildən çoxdur, tək yaşayırmış.

Hadisə barədə dərhal Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Rusiya Müdafiə Nazirliyinə məlumat verilib. Baş vermiş qətlin araşdırılması üçün Rusiya paytaxtından Azərbaycana mütəxəssislər dəvət edilib. Artıq Rusiya Hərbi Prokurorluğunun bir qrup əməkdaşı Qəbələyə gəlib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupu Rusiyalı mütəxəssislərin iştirakı ilə hadisə yerini müayinə edib və Qəbələ RLS-in şəxsi heyətinin dindirilməsinə başlayıb. Hazırda rusiyalı zabitlərin ifadələri alınır.

Bir neçə gün əvvəl Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov APA-ya açıqlamasında qətlin hələ bağlı olduğunu, hadisə ilə bağlı başlanan cinayət işi üzrə saxlanılanların olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar