Bakıda məhv edilən ailənin hekayəti –
11 yanvar 2011 14:22 (UTC +04:00)

Bakıda məhv edilən ailənin hekayəti –

Yanvarın 11-nə keçən gecə Bakının Nizami rayonunda dəhşətli qətliam törədilib. Həmin ərazidə yaşayan Rövşən Mehrəliyev anası, arvadı və iki azyaşlı uşağını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü öldürmək istəyib və qarın nahiyəsindən bıçaqla bir neçə zərbə vurub. Ailənin 8 yaşlı övladı Nuranə isə qaçaraq xilas olub. R.Mehrəliyev isə xəstəxanaya çatdırılıb.


Lent.az-ın müxbiri qətlin baş verdiyi yerdə, Şirin Mirzəyev küçəsi, 72-ci bina, ev 34 ünvanında olub. Artıq 3-cü mərtəbədə yerləşən mənzilin qapısı kilidlənmişdi, binanın qarşısından isə evin aynabəndindəki pərdələrin büküldüyü görünürdü. Görünür, səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin törədildiyi məkanı daha aydın görmək üçün pərdələri büküblər.


Ailənin sağ qalmış yeganə üzvü, 8 yaşlı Nuranəni qohumları Şabrana aparıb. Dəhşətli hadisənin yeganə şahidi olan 8 yaşlı qızcığaz gecənin yarısı qonşulara sığınmaqla canını qurtara bilib. Qonşular polisə xəbər veriblər. Hadisənin tək şahidi olduğundan sorğu-suala tutulan Nuranə gecəni qonşuların evində keçirib. Bunu bizə Mehrəliyev ailəsinin qonşuları dedilər. Onların sözlərinə görə, ailə təxminən 1 il əvvəl Şabrandan Bakıya köçüb. 5-ci mərtəbədə yaşayan yaşlı qadın Mehrəliyevlər ailəsini binadakı nümunəvi ailələrdən biri kimi qələbə verdi: “Anası Elmira xanım, arvadı Lalə çox tərbiyəli, ədəb-ərkanlı qadınlar idi. Uşaqlarını da çox sevirdik. Çox sevimli övladları vardı, hamı onları çox istəyirdi”.

Onların sözlərinə görə, Mehrəliyevlərin yaşadığı ev özlərinin olub. Mənzil bu yaxınlarda tam təmir edilib. Ailənin yaşayış səviyyəsi normal olub.

“Ümumiyyətlə, çox sakit ailə idi. Rövşənin səsini eşidən, evə nə vaxtsa içkili vəziyyətdə gəldiyini görən olmayıb. Belə sakit ailədə bu cür hadisənin baş verməsi hamımızı təəccübləndirib. Bütün ailə məhv oldu, təkcə Nuranə qaldı. Onu da hələlik rayondakı qohumları aparıb. Bundan sonra o qızın həyatı necə olacaq? Ömrünün sonun qədər unuda bilməyəcəyi dəhşətli hadisənin şahidi olub və kimsəsiz qalıb” – deyə, qonşular təəssüflə danışırdılar.


Rövşən Mehrəliyevin gecə saatlarında, təxminən 04.00 radələrində törətdiyi dəhşətli cinayət qonşuluqda yaşayan hər kəsi sarsıtmışdı. Qonşulardan, söhbətləşdiyim yaşlı qadından başqa heç kim danışmaq istəmirdi. Hamı pəncərənin arasından təəccüblə boylanırdı.


Daha bir nəfərdən Rövşən haqqında soruşmaq istəyirdim. Amma yaxınlaşdığım qonşular ya danışmırdı, ya da onu tanımadıqlarını deyirdi. Elə bu vaxt binanın həyətindəki mağazadan ağlaya-ağlaya çıxan qadın gözümə sataşdı. Yaxınlaşıb “ay xala, yazıqların hamısı ölüb” dedim. Qadının cavabı məni təəccübləndirdi: “Hə bala, sən də Vaqifi tanıyırsan? Yazıq kişi neçə ildir, şəkər idi. Həmişə maşını bax burda (dayanacağı göstərir) saxlayardı”.


Daha soba öyrəndim ki, Mehrəliyevlər ailəsində qətliam baş verən zaman üzbəüz binada yaşayan təxminən 70 yaşlı Vaqif kişi də dünyasını dəyişib. Qonşusu da onun üçün ağlayırmış...


Qeyd edək ki, R.Mehrəliyev anası, 1950-ci il təvəllüdlü Mehrəliyeva Elmira Şərifəddin qızı, arvadı, 1978-ci il təvəllüdlü Mehrəliyeva Lalə Qədim qızını, qızı, 2004-cü il təvəllüdlü Səidəni və 4 yaşlı oğlu İlhamı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.


Atasının törətdiyi hadisələri görən R.Mehrəliyevin qızı, 8 yaşlı Nuranə qaçaraq qonşuya xəbər verib və dərhal evə polislər gəlib. Polislərin gəldiyini görən R.Mehrəliyev özünə bıçaqla bir neçə zərbə vurub. Hüquq-mühafizə orqanlarının nümayəndələri dərhal onu 3 saylı şəhər xəstəxanasına aparıblar. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Nizam Rza
Fotolar Zöhrab Zeynalovundur
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar