Qəbələ RLS-də rusiyalı hərbçinin qətli ilə bağlı təfərrüatlar
07 yanvar 2011 11:58 (UTC +04:00)

Qəbələ RLS-də rusiyalı hərbçinin qətli ilə bağlı təfərrüatlar

Azərbaycan hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya verilən məlumata görə, hadisə 2010-cu il dekabrın 31-də - Yeni il gecəsi törədilib.

Araşdırmalar zamanı məlum olub ki, Qəbələ RLS-də xidmət edən bir qrup zabit Yeni ili qeyd etmək üçün mayor Sergey Mixayloviç Qraçovun hərbi şəhərcikdəki evinə toplaşıb. Qonaqlar yeyib-içdikdən sonra hələlik istintaqa məlum olmayan səbəbdən ev sahibi ilə aralarında dava düşüb. Nəticədə zabitlər Sergey Qraçovu öldürərək evdə olan pul və qızıl-zinət əşyaları götürüb hadisə yerini tərk ediblər. Hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat isə yanvarın 2-də daxil olub. Sergey Qraçovun yaşadığı mənzilə gələn əməliyyatçılar onun meyitini başı kəsilmiş vəziyyətdə aşkarlayıblar.

Araşdırmalar zamanı o da məlum olub ki, S. Qraçov bir neçə ilə əvvəl ailəsindən ayrılıb. İki uşaq atası olan zabit bir ildən çoxdur, tək yaşayırmış.

Hadisə barədə dərhal Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Rusiya Müdafiə Nazirliyinə məlumat verilib. Baş vermiş qətlin araşdırılması üçün Rusiya paytaxtından Azərbaycana mütəxəssislər dəvət edilib. Artıq Rusiya Hərbi Prokurorluğunun bir qrup əməkdaşı Qəbələyə gəlib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupu Rusiyalı mütəxəssislərin iştirakı ilə hadisə yerini müayinə edib və Qəbələ RLS-in şəxsi heyətinin dindirilməsinə başlayıb. Hazırda rusiyalı zabitlərin ifadələri alınır. Hələlik qətlin açılması istiqamətində hər hansı müsbət nəticə əldə olunmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı APA-ya açıqlama verən Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov qətlin törədilməsi ilə bağlı başlanan cinayət işinin istintaqının Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparıldığını qeyd edib.

Ş. İmranov istintaq sirri olduğundan əlavə açıqlama verməyib.

Qeyd edək ki, Ş. İmranovun rəhbərliyi ilə Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları da hazırda Qəbələ rayonundadırlar.

Xatırladaq ki, Qəbələ RLS-də xidmət edən rusiyalı zabit, 47 yaşlı mayor Sergey Mixayloviç Qraçovun meyiti yanvarın 2-də yaşadığı evdə tapılıb. İlkin ehtimala görə, o, hərbçi yoldaşı tərəfindən qətlə yetirilib. Məlumatlarda qətlin motivinin qarət olduğu da bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar