Baş Prokurorluq FTB-ni əməkdaşlığa çağırdı
29 dekabr 2010 17:47 (UTC +04:00)

Baş Prokurorluq FTB-ni əməkdaşlığa çağırdı

Azərbaycan Baş Prokurorluğu Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı «Vaşinqton Post» qəzetində dərc olunan məlumata münasibət açıqlayıb. Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı «Vaşinqton Post» qəzetində dərc olunmuş informasiyalar həqiqəti əks etdirmir.

Məlumatda bildirilir: “30 noyabr 2000-ci il tarixdə saat 13.00 radələrində Bakı şəhəri, H.Rzayeva küçəsi, 7 saylı evdə ABŞ vətəndaşı, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan və Gürcüstan üzrə proqram layihəsinin nümayəndəsi Con Elvisin bədəni üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkarlanması faktına görə həmin tarixdə Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Con Elvisin tamah məqsədi ilə, ənənəvi oriyentasiyaya malik olmayan şəxslərlə qeyri-normal davranışı zəminində, fəaliyyəti ilə əlaqədar siyasi motivlər zəminində, o cümlədən əcnəbi xüsusi xidmət orqanları tərəfindən ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilməsi məqsədi ilə, həmçinin ABŞ vətəndaşlarına qarşı terror əməliyyatları həyata keçirən terrorçu təşkilatların üzvləri tərəfindən öldürülməsini nəzərdə tutan əsas fərziyyələr irəli sürülərək hərtərəfli yoxlanılıb”.

Məlumatda qeyd olunub ki, cinayət işi üzrə genişmiqyaslı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, 1000 nəfərə yaxın şəxs şahid qismində dindirilib, təqribən 1500 nəfərin əl-barmaq izləri çıxarılaraq eyniləşdirmə tədqiqatına verilib, 700 nəfərin barəsində əməliyyat müşahidəsi aparılması təşkil edilib, məhkəmə tibbi, bioloji, trasoloji, kriminalistik, lifli materialların kriminalistik tədqiqatı, kompleks tibbi-kriminalistik və digər xarakterli 36 ekspertiza təyin edilərək müvafiq rəylər alınıb.
Cinayətin Con Elvisin xidməti fəaliyyəti ilə əlaqədar siyasi motivlərlə törədilməsi fərziyyəsi üzrə onun Azərbaycan Respublikasında mövcud siyasi partiyalar, birlik və təşkilatlarla, ABŞ-ın və digər xarici dövlətlərin Azərbaycanda olan nümayəndələri ilə işgüzar əlaqələrinin və münasibətlərinin araşdırılması sahəsində istintaq tədbirləri aparılıb, qeyd olunan qurumların nümayəndələri, ABŞ Respublikaçılar İnstitutunun Tbilisi şəhərində olan ofisinin əməkdaşları dindirilib, onların həmin beynəlxalq təşkilatlar, partiyalar və sair birləşmələrlə olan münasibətləri, eləcə də bu amillərin cinayətlə əlaqəsi olması ehtimalı öyrənilib.

Con Elvisin qeyri-ənənəvi oriyentasiyası və həyat tərzi zəminində öldürülməsi fərziyyəsi üzrə onun restoran, bar və digər istirahət-əyləncə yerlərində tanış olduğu şəxslərin, intim münasibət saxladığı qadın və kişilərin, o cümlədən yaşadığı əraziyə yaxın dayanacaq və küçələrdə avtomaşınların yuyulması ilə məşğul olan azyaşlıların, habelə Bakı şəhərində yaşayan qeyri-ənənəvi oriyentasiyaya malik, sadizmə meylli şəxslərin dairəsi müəyyən edilib, onların Con Elvislə əlaqələri araşdırılıb və bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə əlavə baxışda iştirak edən ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları Con Elvisin şəxsi əşyaları arasında «Zaur» adlı şəxsin adından ingilis dilində yazılmış və onun kişilərlə intim əlaqələrini təsdiqləyən məktub aşkar edərək istintaqa təqdim ediblər. Məktubda göstərilənlərlə əlaqədar belə adda 105 nəfər müəyyən edilərək əlaqələri araşdırılıb, onların əksəriyyəti şahid qismində dindirilib, əl-barmaq izləri, qan və əlyazma nümunələri götürülərək tədqiqat üçün FTB-yə göndərilib, eynilik müəyyənləşdirilməyib.

Cinayət işinin istintaqı ilə əlaqədar hüquqi yardım göstərilməsi barədə ABŞ FTB qarşısında vəsatət qaldırılıb, verilmiş tapşırıqlar əsasında ifadələri iş üzrə əhəmiyyət kəsb edən xarici ölkə vətəndaşları FTB əməkdaşları tərəfindən dindirilib, onların əl-barmaq izləri çıxarılaraq ekspertizaya təqdim olunub. Hadisə yerindən götürülmüş maddi sübutlar ən müasir elmi-texniki vasitələrin tətbiqi ilə ekspertiza tədqiqatından keçirilməsi üçün ABŞ FTB-na göndərilib və cavabları alınaraq cinayət işinə əlavə edilib.

ABŞ FTB tərəfindən aparılmış tədqiqat nəticəsində hadisə yerində Con Elvisə məxsus olan qan izləri ilə bərabər başqa şəxsin də qan izləri aşkarlanıb və cinsi kodu müəyyənləşdirilib. Bununla əlaqədar istintaq marağı doğuran şəxslərin əl-barmaq izləri, tüpürcək və qan nümunələri götürülərək eyniləşdirlməsi üçün mütəmadi olaraq ABŞ FTB-yə təqdim olunub.

Hadisənin baş verdiyi zaman həmin əraziyə daxil olmuş avtomaşının videogörüntüsündən ABŞ FTB əməkdaşları tərəfindən fotosurət çıxarılıb, bununla əlaqədar Bakı şəhərində qeydiyyatda olan və iş üzrə maraq doğuran 1000 ədəddən çox oxşar markalı avtomaşın əməliyyat yolu ilə yoxlanılıb, 21 avtomaşının sahibi istintaqa cəlb edilərək dindirilib.

Cinayətdə iştirakı ehtimal olunan şəxslərin əl-barmaq izləri ekspertiza tədqiqatından keçirilib və qan nümunələri tədqiq olunması üçün ABŞ FTB-yə göndərilib.

Con Elvisin qəsdən öldürülməsi faktına görə şübhəli şəxs qismində tutulan olmayıb, hər hansı şəxsə ittiham elan edilməyib, cinayət işi Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən öyrənilib və verilmiş göstərişlərin tam həcmdə icrası təmin olunub.

İstintaqın əldə etdiyi nəticələr barədə ABŞ Konqresinin Nümayəndələr Palatası, FTB-nin Qafqaz üzrə nümayəndəliyi və digər qurumlar mütəmadi məlumatlandırılıb, ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə maddi sübutların ekspertizası təşkil edilib, ABŞ FTB, ABŞ-ın Azərbaycandakı səfirliyi əməkdaşları və başqaları ilə Azərbaycan Baş Prokurorluğunda istintaq qrupunun üzvləri, Azərbaycanı Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat işçilərinin görüşlərində istintaqın gedişi, irəli sürülmüş fərziyyələr və əldə edilmiş nəticələr ətraflı müzakirə edilib.

İstintaqın təkzibedilməz dəlilləri ilə Con Elvisin siyasi və əmək fəaliyyəti ilə əlaqədar qətlə yetirilməsi öz təsdiqini tapmadığı, hadisənin onun qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərlə intim əlaqələri zəminində baş verməsi ehtimalı daha yüksək olduğu halda, bunlardan sanki xəbərsiz olan Piter Van Praq öz məqaləsində həmin faktları qərəzli şəkildə təhrif edərək, oxucu kütləsinə onun guya demokratik qüvvələrlə sıx əməkdaşlığına görə öldürülməsi kimi çatdırmağa cəhd edib.

Azərbaycan hüquq mühafizə orqanları araşdırılan cinayət işinin istintaqı və digər məsələlər üzrə ABŞ FTB ilə hüquqi yardım sahəsində işgüzar münasibətlərə önəm verdiklərini dəfələrlə bəyan edib və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar