Bacıoğlu
20 dekabr 2010 12:53 (UTC +04:00)

Bacıoğlu

...Kəndə hay düşdü ki, bəs Mamed ölüb. Onun təvəllüdünü bilməyənlər bilənlərdən öyrəndilər; sən demə, cəmi 26 yaşı varmış. Kənddə bu sinnidə cavan öləndə deyirdilər ki, “Allah düşmənə də göstərməsin!”, “Allah rəhmət eləsin!” İndi də elə deyirdilər – ancaq üzdə. Daldada isə başqa şey danışırdılar, “Elə yaxşı oldu!”, “Allah lənət eləsin!” söyləyirdilər. Çünki məktəbdə “zavuç” işləyən Mamed bu kənddə yetənə yetirdi, yetməyənə də yetirdi... Onun kənddə yetməyəcəyi adam yoxdu. Elə ölümü də “yetmədiyinə yetən vaxt” olmuşdu: Mamed ərsiz bir qadının evinə gedərkən maşınını telefon dirəyinə vurmuşdu. Əslində deyirdilər ki, “bacıoğlu” onun ardınca çoxdandı düşür, ancaq qadın yaxına buraxmadığından istəyinə çata bilmirdi.

Kənd əhli onun dayısından qorxurdular. Dayısı şəhərdə nə isə böyük bir vəzifədə işləyirdi. Kənddə çoxları dayısının nə vəzifəsinin, nə də özünün dəqiq adını bilmirdi. Eləcə “Mamedin dayısı” deyirdilər.

Ölən kimi dayıya zənglər olundu, xəbəri çatdırdılar. Dayı telefonda bir az ah-vay eləyib dedi ki, bir-iki günə gələcəm.

Mamedin meyitini həmin günün axşamüstüsü aparıb kənd qəbiristanlığının ən yaxşı yerində basdırdılar. Gəlib mərhumun həyətində çadır qurdular. Kəndin Ağsaqqallar Şurasının (camaat öz aralarında bu quruma P...saqqallar Şurası deyirdi) üzvlərindən biri tövləsindən iri bir kəl gətirdi, ehsan vermək üçün kəsdirdi. P...saqqallar Şurasının o biri üzvləri də Mamedin atasına “əlini cibinə atmağa” imkan vermədilər.

Kənd camaatı düz bir həftə yas çadırına gedib o kəlin ətindən “dürt” deyənəcən yedi, ehsanlıq limonadlardan içdi.

Ancaq dayısı Mamedin “yeddi” mərasiminə də gələ bilmədi, xəbər göndərdi ki, işim çıxıb, vaxt tapan kimi gələcəm.

Bir həftə də keçdi, dayı gəlmədi. İki həftə keçdi, dayı gəlmədi.

Kənddə belə bir söz yayılmışdı ki, “lənətlik (Mamedə üzdə “rəhmətlik”, arxada “lənətlik” deyirdilər) oğraşlığa gedəndə öldüyünə görə dayısı ondan imtina eləyib”. Camaat birinci dəfə bu sözü Ağsaqqallar Şurasının onun ehsanında kəl kəsmiş üzvü demişdi. Sonra bu xəbər bütün kəndə yayıldı. Yığıldılar həmin ağsaqqalın başına, sorğu-sual elədilər ki, hardan bilirsən, kim deyib? O da xeyli cavab vermədi. Mübahisə oldu, ancaq adam sirrini açmadı.

Günlər keçdi. Bir dəfə də xəbər yayıldı ki, bəs ağsaqqala xəbəri Mamedin dayısı özü deyib. Deyib ki, “oğraşlığa gedəndə öldüyünə görə mənim o adda bacım oğlu yoxdu”.

Mamedin anası yoxdu, ölmüşdü. Atası da durub car çəkmirdi ki, bəs yalan söhbətdi: heç evdən bayıra çıxmırdı, çıxanda da utana-utana, yazıq-yazıq gəzirdi.

Günün birində xəbər çıxdı ki, bəs filan vaxt dayı kəndə qonaq gəlir, özü də kəndin mərkəzindəki məktəbin qabağında camaatın önündə çıxıb öz qərarını elan eləyəcək, deyəcək mənim elə bacım oğlu olmayıb, onun meyiti bizim nəslin meyiti deyil.

Nəhayət, elan olunan tarix gəlib çatdı. Camaat böyükdən-kiçiyə, qızdan qarıya hamısı yığışdı məktəbin qabağına. Hələ indiyədək burda belə qələbəlik olmamışdı. Zarafat deyildi, kəndin ən pis ad çıxarmış sakininin hökmü kəsiləcəkdi. Özü də hökm ölümdən sonra veriləcəkdi.

Təkcə Mamedin atası gəlməmişdi, utandığından adam arasına çıxmamışdı. Axı hökm onun oğlu barəsində olacaqdı.

...Mamedin dayısı bahalı maşınıyla düz kənd məktəbinin qabağına gəldi. Maşında yad bir kişi də vardı. Dayı camaata gözucu baxsa da, bir az təəccüblənən kimi oldu. Onların arasında gözünə Ağsaqqallar Şurasının sədri dəydi. Sədr elə bunu gözləyirmiş kimi onun qabağına yeriyib ikiəlli görüşdü. Dayı onun salamını almayıb soruşdu:

- Bu camaatı kim yığıb bura, məgər onların xəbəri var?

Sədr bir qədər xəcalət çəksə də cavab verdi:

- Hə, hamımız bilirik.

Dayı bir az da təəccübləndi. Ancaq daha heç nə demədi. Maşındakı yad kişini barmaq işarəsiylə çağırdı. Kişiylə getdi məktəbin qapısının ağzında əl-qol ölçə-ölçə nə isə danışdı. Sonra da maşına oturub getdilər: üzü Mamedin evi tərəfə.

Camaat qaldı məəttəl: bəs hanı kəskin hökm? Bəs niyə bacıoğludan imtina edilmədi?

Səhəri gün dayı çıxıb getdi Bakıya.

Bir həftə keçməmiş əlində avadanlıqları olan bir kişi gəldi. Kənd camaatı onu bir dəfə görmüşdü: Mamedin dayısıyla məktəbin qabağında. Yad kişi yenə də məktəbin qabağına gəldi. Sonra da əlindəki avadanlıqlarla işini görməyə başladı. Camaat yığıldı onun başına. Məlum oldu ki, bu kişi divar lövhəsi ustasıdır. Məktəbin qabağına lövhə vurmağa gəlib...

...Qara mərmər lövhədə məktəbə Mamedin adının verildiyi və nə üstündə öldüyü yazılmışdı: “...vəzifə başında faciəli surətdə fədakarcasına həlak olmuşdur”.

Kənddə xəbər gəzirdi ki, Mamedin adına təqaüd də kəsiləcək, təqaüd məktəbin ən yaxşı oxuyan şagirdlərinə veriləcək...

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Pərvin Abbasov

Oxşar yazılar