Erməni terrorunun Azərbaycandakı hədəfi: avtomobillər – XRONOLOGİYA
04 dekabr 2010 19:49 (UTC +04:00)

Erməni terrorunun Azərbaycandakı hədəfi: avtomobillər – XRONOLOGİYA

O zaman Azərbaycan mətbuatında “terror” sözü işlədilmirdi. Azərbaycanlıların terror haqqında anlayışı “Azərbaycan dilinin izahlı lüğəti”ndəki bəsit izahdan uzağa getmirdi. Mədəniyyət xadimlərimiz, elm adamlarımız xalqlar dostluğunu mədh edir, bu mövzuda dissertasiyalar yazırdılar. Lakin düşmən öz işini görürdü.

Tarixən məlumdur ki, türk xalqlarından fərqli olaraq ermənilər mərdi-mərdanə döyüşdən qaçıb, yalnız hiyləgər və məkrli planlarla dinc əhaliyə divan tutublar. Ötən əsrin ilk 20 ilində Türkiyədə və Azərbaycanda baş verənlər buna əyani sübutdur. Bu xəyanət seriyası, dinc əhaliyə divan tutmaq planları hər zaman ermənilərin gündəmində olub.

Lent.az sizə ermənilərin avtomobillərdə törətdiyi terror aktları barədə məlumat təqdim edir.

1. 1984-cü ildə ermənilər Azərbaycanda nəqliyyatda ilk terror aktını törətdilər. Bu, 1977-ci ildə ermənilərin Moskvada törətdiyi seriya terror aktlarından sonra ölkədə geniş əks səda doğuran bir hadisə idi. Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladıldı. Terror aktı nəticəsində 1 qadın həlak oldu və 3 nəfər yaralandı. Bu zaman SSRİ hələ ki, dünyaya hegemonluq edirdi.

2. 16 sentyabr 1989. Tiflis-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb. Terror aktı nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

3. 13 fevral 1990. Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb, 13 azərbaycanlı yaralanıb. Terrorçuları həbs etmək mümkün olmayıb.

4. 11 iyul 1990. Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və yük daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilib, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanıb. Terror aksiyasını Xankəndi şəhər sakinləri “Napoleon” ləqəbli Ayriyan Arkadi və Babayan Samvel törədib. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 azərbaycanlını qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunaraq 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilib. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilib.

5. 10 avqust 1990. “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılıb, nəticədə 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.

6. 10 avqust 1990. Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayəti törətmiş erməni terrorçuları Armen Avanesyan və Mixayil Tatevosov həbs olunub. 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib. İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

7. 30 noyabr 1990. Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılıb, nəticədə 2 milis işçisi yaralanıb.

8. 14 mart 1991. “Ağdam-Şuşa” marşrutu üzrə hərəkət edən avtobus partladılıb, 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

9. 8 sentyabr 1991. Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsində 6 nəfər qətlə yetirilib, 36 nəfər yaralanıb. (Ümumilikdə Qaradağlı kəndinin 77 nəfər sakini terror qurbanı olub. Ermənilər Qaradağlı kəndində 3 nəfərin üzərinə neft tökərək yandırıb, iki nəfər Qaradağlı sakininin başı kəsilib).

Ermənilərin sərnişin avtobuslarına hücumu nəticəsində 68 nəfər həlak olub, 132 nəfər yaralanıb.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233

Oxşar yazılar