Eldar Sultanov: “Prokurorluq orqanlarında test imtahanlarının keçirilməsi və bəzi prokurorluq işçilərinin bu məsələyə etiraz etməsi ilə bağlı xəbərlər reallığı əks etdirmir”
04 dekabr 2010 12:46 (UTC +04:00)

Eldar Sultanov: “Prokurorluq orqanlarında test imtahanlarının keçirilməsi və bəzi prokurorluq işçilərinin bu məsələyə etiraz etməsi ilə bağlı xəbərlər reallığı əks etdirmir”

Bu barədə Lent.az-a açıqlama verən Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatların həqiqətə uyğun olmadığını bildirdi: “İlk növbədə qeyd etmək istəyirəm ki, həmin informasiyalar həqiqətə uyğun deyil və obyektiv reallığı özündə əks etdirmir. Göstərilənlərlə əlaqədar bildiririk ki, prokurorluq orqanlarında tədris işinin daha da təkmilləşdirilməsi, işçilərin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. O cümlədən 2001-ci ildən etibarən hər həftənin şənbə günlərində Prokurorluğun bütün struktur qurumlarında tədris məşğələləri və ya seminarlar keçirilməklə, qüvvədə olan qanunvericilik aktları, beynəlxalq təcrübə, fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələləri barədə Baş Prokurorluq üzrə müvafiq əmr, sərəncam və göstərişlər ətraflı öyrənilir”.


E.Sultanov həmçinin bildirdi ki, prokurorluq işçilərinin bilik səviyyəsini yoxlamaq məqsədi ilə bəzi qaydalar da hazırlanıb: “Prokurorluq orqanlarında formalaşmış tədris prosesinin təkmilləşdirilməsi yolu ilə səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin daha da artırılması məqsədilə, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması prosedurları müəyyənləşdirilməklə bu barədə müvafiq qaydalar işlənilib hazırlanıb”.


Baş Prokurorluğunun rəsmisi yeni qaydaların nəticələrinin işçilərin attestasiyadan keçməsi və vəzifədə irəli çəkilməsində də rol oynayacağını vurğuladı: “Qaydalara müvafiq olaraq prokurorluq işçiləri Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən həyata keçiriləcək həmin yoxlamalara cəlb ediləcək. Əsas məqsədi əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi olan bu yoxlamalarda zəruri tələblərə uyğun bilik nümayiş etdirməyənlərin Elm-Tədris Mərkəzində təşkil ediləcək ixtisasartırma kurslarına cəlb edilməsi kimi vasitələrdən istifadə olunacaq. Yoxlamanın nəticələri prokurorluq işçilərinin attestasiyadan keçirilməsi və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzərə alınacaq”.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar