Telefonla mal təklif edənlərdən ehtiyatlı olun!
29 oktyabr 2010 18:50 (UTC +04:00)

Telefonla mal təklif edənlərdən ehtiyatlı olun!

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daxil olmuş məlumat əsasında məsafədən satış xidmətləri göstərən “Star Electro” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, araşdırma nəticəsində “Star Electro” MMC tərəfindən istehlakçılara stasionar telefon vasitəsilə zəng edilərək, telefon nömrələrinin uduşa düşdüyü, aşağı qiymətə bir məişət avadanlığı aldıqları təqdirdə 3-4 müxtəlif növ məişət avadanlıqlarının hədiyyə ediləcəyi və həmin malları zəmanətlə almaq hüququnu əldə edəcəkləri kimi yanlış məlumatların verildiyi müəyyənləşib.

“Star Electro”nun istehlakçılara satdığı məişət əşyalarının saxta olduğu, mallara verilən zəmanətlərə və bağlanılan müqavilələrə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edildiyi, təklif edilən mala görə tələb edilən məbləğin onun və verilən hədiyyələrin birgə real bazar qiymətindən çox olduğu aşkarlanıb.

İstehlakçıları çaşdırmaqla qeyri-dəqiq reklama və haqsız rəqabətə yol verdiyinə görə “Star Electro” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti istehlakçılara məsafədən (telefon və kütləvi informasiya vasitələri ilə) alış zamanı diqqətli olmağı, mala verilən zəmanət talonunun düzgün doldurulmasına diqqət yetirməyi tövsiyə edir. Alıcılar həmçinin satıcının müqavilədə qeyd edilən hüquqi ünvanının və adının düzgün göstərildiyini təsdiq edən sənədləri də tələb etməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar